Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvləri Tbilisidə keçirilən beynəlxalq seminarda iştirak ediblər

Oktyabrın 5-də Tbilisidə “Biznesin və qeyri-maddi aktivlərin qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvlərinin də iştirak etdikləri seminarda biznesin, maddi və qeyri-maddi aktivlərin, birgə müəssisə və birliklərin əsas vəsaitlərinin hesablanması qaydaları, bu sahədə beynəlxalq standartlar və digər məsələlər müzakirə olunub.

Tədbirdə Azərbaycan, Ukrayna və Gürcüstanın qiymətləndiriciləri öz təcrübələrini bölüşüb, biznesin, maddi və qeyri-maddi aktivlərin qiymətləndirilməsi sahəsində əməkdaşlığın vacibliyini vurğulayıblar. Bildirilib ki, bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsi, Avropa standartlarına cavab verən qiymətləndirmə qaydalarının, norma və prinsiplərinin müəyyənləşdirilməsi ölkələr arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü Ramil Qasımzadə AZƏRTAC-a müsahibəsində deyib ki, seminarda, eləcə də tədbir çərçivəsində keçirilən görüşlərdə Azərbaycan, Ukrayna və Gürcüstanın qiymətləndiriciləri arasında əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi barədə razılıq əldə olunub. Müxtəlif məsələlərdə ortaq məxrəc tapmaq, qiymətləndirmə zamanı eyni prinsip və meyarları müəyyənləşdirmək üçün yollar axtarılıb. Bildirib ki, hər üç ölkənin qiymətləndiriciləri arasında əlaqələrin genişlənməsi, bəzi məsələlər üzrə vahid prinsiplərin müəyyən edilməsi ölkələrimiz arasında iqtisadi əlaqələrin də inkişafına təkan verəcək.

“Azərbaycanın və Gürcüstanın iş adamları birgə müəssisələr yaradırlar. Bu da iqtisadi, ticari əlaqələrin inkişafında mühüm rol oynayır. Birgə əməkdaşlığımız həmin müəssisələrin əsas vəsaitlərinin qiymətləndirilməsi zamanı vahid mövqedən çıxış etməyə imkan yaradacaq. Bu da müəyyən risklərin, gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınmasında mühüm rol oynayacaq”, – deyə R.Qasımzadə əlavə edib.

Gürcüstan Müstəqil Qiymətləndiricilər Assosiasiyasının prezidenti Besik Diakonidze isə AZƏRTAC-a müsahibəsində deyib ki, bundan əvvəl Batumidə və Tbilisidə belə tədbirlər keçirilib. Daşınan və daşınmaz əmlak sahəsində qiymətləndirmə sahəsində çox mühüm məsələlər müzakirə olunub: “Tbilisidə keçirilən bu tədbirdə Azərbaycandan gəlmiş mütəxəssislərin iştirakı bizim üçün çox vacibdir. Bizim bir çox sahələrdə sıx əməkdaşlığımız var. Qiymətləndirmə sahəsində əməkdaşlıq iqtisadi əlaqələrimizin inkişafı ilə yanaşı, bizə beynəlxalq təcrübədən faydalanmaq imkanı yaradır. Biz azərbaycanlı həmkarlarımızla bu əməkdaşlığı daha da genişləndirməkdə maraqlıyıq”.

Qeyd edək ki, tədbirin sonunda qiymətləndirmə sahəsində mütəxəssislərə sertifikatlar təqdim olunub. Azərbaycandan gəlmiş hər iki mütəxəssis sertifikata layiq görülüb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

2018-10-06T09:55:47+04:00